Məğlub olmaq nədir bilməyən vəkil - VİDEO

Məğlub olmaq nədir bilməyən vəkil - VİDEO

O, hər məhkəmə prosesindən qalib ayrıldı, yalnız birindən başqa! Məğlub olmaq nədir bilməyən əfsanəvi vəkil Toni Petrocelli…

Axeber.az xəbər verir ki, Kanal Nasibli "youtube" kanalında bu dəfə Petrocellinin karyerası ərzində tək uduzduğu məhkəmə işindən danışılıb.

"Yəqin ki, çox adam bu əfsanəvi vəkilin adını eşidib.

O, özünəməxsus taktikalarla məhkəmə işlərini qazanıb. İş nə olursa olsun, Petrocelli qalib gəlməyi bilirdi.

Petrocellinin uduzduğu tək məhkəmə prosesininin hekayəsinə keçməmişdən əvvəl onu hər kəsə tanıdan serial haqqında məlumat verək. 1974-1976-cı illərdə ABŞ-da yayımlanan “Petrocelli” serialında Barri Neymanın həyat verdiyi Toni Petrocelli televiziya dünyasının özünəxas xüsusiyyətləri arasında yer alıb və bu gün belə orjinallığını qorumağı bacarmış əfsanəvi bir addır.

Serialın sujet xətti italyan əsilli amerikalı Toni Petrocellinin başına gələn hekayələrdən bəhs edir. Petrocelli bir az fərqli xaraqterli bir vəkildir. O, Harvard Universitetini bitirmiş və digər vəkillərdən fərqli olaraq başqa bir həyat sürüb.

Petrocelli həyat yoldaşı Macci ilə birlikdə evlərinin inşa edilməsini gözləyirdilər. Hətta serial bitənə qədər də evlərinin tikintisi yekunlaşmadı. Ər və arvad birlikdə avtomobildə yaşayırdılar. 

Petrocelli müvəkkillərinin çoxundan pul tələb etməz, əldə etdiyi uğurlarla hər kəsin qəlbində taxt qurub. Toni Petrocellinin çıxdığı çətin məhkəmə işlərində hər kəs onun məğlub olacağını düşünərdi, lakin vəkil seçdiyi taktikalarla, müdafiə bacarığı ilə işlərdən qalib ayrılardı. Onun saysız-hesabsız qələbələri insanları heyrətləndirərdi.

Gəlin, Toni Petrocellinin yeganə məğlub olduğu o məhşur məhkəmə iclasının hekayəsinə keçək…

Serialda tanınmış futbolçu öz həyat yoldaşını öldürməkdə təqsirli bilinirdi. Lakin qadının meyiti tapılmamışdı, futbolçunun da əlehinə heç bir dəlil yox idi. Buna baxmayaraq, o, arvadının ölümündə tək təqsirləndirilən şəxs kimi, məhkəmə qarşısına çıxarılmışdı. Futbolçunun hüquqlarını isə Petrocelli müdafə edirdi. Petrocelli müdafiəyə yenə çox yaxşı hazırlaşmışdı.

O, məhkəmə iclasında müdafiə çıxışına başladı: “Hörmətli məhkəmə kollegiyası, müvəkkilimin günahsız olduğuna ürəkdən inanıram. Buna az sonra siz də inanacaqsız. Nəyə görə? Baxın, indi 1-dən 10-a qədər sayacam və müvəkkilimin öldürdüyü deyilən arvadı bu qapıdan içəri girəcək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10…''

Məhkəmə heyəti, dövlət ittihamçısı və məhkəmə zalında əyləşən hər kəsin gözü bir anda qapıya yönəldi. Lakin qapıdan içəri heç kəs daxil olmadı. Hakimin gözləri yenidən Petrocelliyə yönəldi. Petrocelli öldürücü həmləsini etmək üçün artıq hazır idi.

O, yenidən çıxışına davam edərək dedi: “Baxın, siz də qadının öldüyünə inanmırsız. Çünki hamınız çevirilib, qapıya baxdız ki, qadın içəri daxil olacaq. Bu da qərar! Buna güvənməyinizi tələb edirəm”.

Məhkəmə çıxışlarından sonra hakimlər kollegiyası müşavirə otağına yollanıb. Petrocelli müvəkkilinin barəsində bəraət hökmünün çıxarılacağına əmin idi. Müşavirədən sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, məşhur futbolçu günahkar bilinərək azadlıqdan məhrum olunub. Bu zaman Toni Petrocelli şoka düşüb. Məhkəmə iclası yekunlaşan kimi, o, məhkəmə kollegiya sədrinin yanına gedib, necə belə bir hökm çıxarıldığını öyrənib.

O hakimə bildirib ki, “mən 10-a qədər sayanda siz də digərləri kimi, qapıya baxdız. Niyə belə hökm çıxartdız?” 

Məhkəmə kollegiyasının sədri gülümsəyərək Petrocelliyə cavab verib: “Siz işinizə çox yaxşı hazırlamısız, Petrocelli. Lakin eyni şeyi müvəkkiliniz üçün söyləməyəcəm. Siz sayanda hamı diqqətini qapıya yönəltdi. Ancaq məhkəmə zalında qapıya tərəf çevrilməyən tək bir şəxs var idi. O da müvəkkiliniz”.

Beləliklə, bu məhkəmə prosesi ilə Petrocelli karyerasında ilk məhkəmə işini uduzmuş oldu...

Serialdakı bu səhnə o qədər diqqət çəkib ki, bir müddət sonra həqiqətən baş verən hadisə kimi, danışılmağa başlanılıb və o zamandan indiki vaxtadək əfsanələşib".