"Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq edilməlidir" - Yusif Bağırzadə

"Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq edilməlidir" - Yusif Bağırzadə

“Beynəlxalq təşkilatlarlar minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq etməlidirlər”

Bu sözləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə ermənilərin minalanmış ərazilərimizin xəritəsini verməkdən imtina etməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, müharibələrin ən acı statistikalarından biri də mülki şəxslərin minalardan əziyyət çəkməsi ilə bağlıdır.

“Beynəlxalq təcrübəyə əsasən, münaqişələr bitdikdən sonra əksər hallarda minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki, gələcəkdə mülki əhali bundan zərər görməsin. Ermənistan isə 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini nəinki təhvil vermir, hətta bu ərazilərdə hər yeri, hərbi təyinatı olmayan torpaqları belə minalayıb. Təbii ki, burada məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır. Əslində isə postmüharibə dövründə əldə olan minalı sahələrin xəritəsinin təqdim edilməməsi bu ərazilərə sakinlərin qayıdışını çətinləşdirməyə, uzatmağa, onların ölüm təhlükəsinin artmasına yönəlib ki, bu da hərbi cinayət sayıla bilər”.

Politoloqun sözlərinə görə, bu gün Ermənistan hər nə qədər minalanmış ərazilərin xəritəsinin olmadığını iddia etsə də bu yalandan başqa bir şey deyil:  “İstər NATO, istərsə də Sovet və ya indiki Rusiya hərbi təlimatına əsasən minalanan ərazilərin mütləq şəkildə xəritəsi olmalıdır. Həmin xəritələrin bir nüsxəsi müvafiq olaraq minalanmanı həyata keçirən hərbi hissədə, digəri isə silahlı qüvvələrin Baş Qərərgahında saxlanılmalıdır. Odur ki, belə bir xəritənin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında olduğuna heç bir şübhə yoxdur. Ermənistan isə hər vəchlə xəritəni verməkdən imtina edir. Özü də nəinki əvvəlki dövrdə minalanmış ərazilərin xəritəsini, həmçinin snetyabrın 27-dən, yəni hərbi əməliyyatların başlamasından sonrakı dövrdə basdırılan minaların belə xəritəsini təqdim etmək istəmir. Nəticədə isə dinc dövrdə günhsız insanlar həlak olur. Artıq bir neçə hərbçimizin və o cümlədən də mülki şəxslərin həmin minaların partlaması nəticəsində həyatını itirdiyini hər birimiz bilirik”.

Y. bağırzadə bildirib ki, günahsız insanların ölümünə son qoyulması üçün həmin xəritələrin Ermənistandan tələb edilməsi şərtdir.

“Həm beynəlxalq ictimaiyyət, həm Minsk Qrupunun üzvü olan ölkələr, o cümlədən də həmsədr ölkələr Ermənistana bu xəritələri Azərbaycan tərəfinə verməsi üçün təzyiq etməlidir. Sülhməramlı missiyanı həyata keçirdiyini iddia edən Rusiya da bu məsələdə xüsusilə fəal olmalıdır. Çünki, regionda minalardan əziyyət çəkən təkcə vətəndaşımız olan mülki əhali və həbçilərimiz deyil, həm də Rusiyanın hərbçiləridir. Başqa sözlə Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi Rusiya sülhməramlılarının təhlükəsizliyinə də təhdid yaradır”, - deyə politoloq qeyd edib.