Yusif Bağırzadə: "Bu pandemiyadan sonra yeni siyasi münasibətlər formalaşacaq" - MÜSAHİBƏ

Yusif Bağırzadə: "Bu pandemiyadan sonra yeni siyasi münasibətlər formalaşacaq" - MÜSAHİBƏ

Politoloq Yusif Bağırzadənin Axeber.az-a müsahibəsi 

- Yusif müəllim, bir müddət öncə siz də Prezidentin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmisiniz. Ölkəmizdə ümumilikdə götürdükdə koronovirusla mübarizə ilə bağlı atılan addımları necə qiymətləndirirsiniz?

- İlk olaraq onu qeyd etmək lazımdır ki, bu virusla mübarizə təkcə hökumətin üzərinə qoyulan vəzifə olmamalıdır. Hökumət nə qədər qərarlar qəbul etsə də, vəziyyətin nəzarətdə saxlanılması üçün nə qədər addımlar atsa da bu qərarların icrasına hər birimiz əməl etmədən heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hər bir vətəndaşımız öz məsuliiyətini dərk etməli və qəbul olunan qərarların icrasında iştirak etməlidir. Atılan addımlara gəldikdə qeyd etmək lazımdır ki, virusun daha geniş yayılmasının qarşısının alınması və xəstəliyin yayılma tempinin aşağı salınması üçün ölkənin rəhbərliyi tərəfindən vaxtında və lazımi addımlar atılır. Amma bir daha təkrar edirəm bu məsələdə əsas məsuliyyət vətəndaşlarımızın üzərinə düşür. Azərbaycanda koronavirus yoluxma halları və ölüm sayı artır. Bu mərhələdə vətəndaşların bir çoxunun verilən qərarlara və tövsiyələrə biganə münasibəti narahatlıq doğurur.

- Necə hesab edirsiniz, verilən qərar və tövsiyyələrə biganə münasibətgöstərən vətəndaşlarla bağlı hansı addımlar atılmalıdır?

- Prezident hələ bir neçə gün əvvəl yeni xəstəxananın açılışında və sonrakı çıxışlarında da məsuliyyətsiz vətəndaş faktoru ilə bağlı çıxış etdi və buna son verilməsinin vacibliyini qeyd etdi. Burada söhbət təbii ki,  məhdudiyyətlərin tətbiq olunduğu dövrdə məsuliyyətsiz davranan insanlardan gedir. Virus təhlükəsi prosesə laqeyd yanaşmanı inkar edir və hər kəsin üzərinə böyük məsuliyyət qoyur. Düşünürəm ki, qanunun tələbini pozaraq duruma laqeyd yanaşanlar və bununla da insanların həyatını təhlükəyə məruz qoyan şəxslərə qarşı ən sərt tədbirlər həyata keçirilməlidir. 

- Hökumət vətəndaşlara kömək və makroiqtisadi sabitliyi qorumaq üçün dövlət dəstəyinin veriləcəyini açıqlayıb. Bu yetərlidirmi?

- COVİD-19 virusunun yaratdığı beynəlxalq iqtisadi böhrana qarşı mübarizədə bütün dövlətlər vətəndaşlarına öz imkanları çərçivəsində müəyyən yardım paketi təqdim edir. Azərbaycan hökumətinin də bu addımı vacib idi və təqdirəlayidir. Təbii ki, hazırlanan yardım paketlərində həm iqtisadi böhrandan zərər görmüş sahibkarların, həm işsiz qalmış vətəndaşlarımızın, həm də sosial müdafiəyə ehtiyacı olan insanlarımızın vəziyyəti hərtərəfli şəkildə nəzərə alınmalıdır. Makroiqtisadi sabitliyi qorumaq və iqtisadiyyatımızı dayanıqlı etmək üçün isə yubanmadan ciddi iqtisadi islahatlar həyata keçirilməlidr.

- Yusif müəllim, sizcə, pandemiyadan sonrakı dünya necə olacaq?

- Təbii ki, yeni düzən formalaşacaq, yeni sistemlər qurulacaq və dövlətlər arasında yeni münasibətlər yaranacaq. Bu gün görünən odur ki, pandemiya qloballaşma məvhumunu darmadağın edib. Ölkələr bütün sərhədlərini bağladı, gediş-gəliş dayandırıldı. Hətta dünənə qədər vahid valyutaya məxsus olan, birgə müzakirələr aparıb vahid qərarlar qəbul edən, faktiki olaraq aralarında sərhəd olmayan Avropa ölkələri belə sərhədlərini bir-birinin üzünə bağladı. Bütün bunlar onu deməyə əsas verir ki, pandemiya bitəndən sonra onun yatardığı fəsadların aradan qaldırılması üçün aparılan fəaliyyət zəminində yeni dünya düzəni qurulmağa başlayacaq. 

- Yusif müəllim, siz uzun müddət siyasi fəaliyyətlə məşğul olmusuz. Fürsətdən istifadə edərək Azərbaycandakı mövcud siyasi münasibətlərlə bağlı da fikirlərinizi öyrənmək istərdik.

- Görünən odur ki, ölkənin virusla mübarizəyə köklənməsi fonunda,  siyasi münasibətlər demək olar ki, dondurulmuş vəziyyətdədir. Bu da təbiidir. Amma pandemiyadan öncə atılan addımlarla bağlı konkret nümunələr var. Buraya Prezidentin Milli Məclisin yeni tərkibi ilə keçirilən ilk iclasında siyasi islahatlarla bağlı çıxışını, Milli Məclisin rəhbərliyində və komitələrində parlament azlığının təmsilçiliyini və yeni yaranmış siyasi partiyalarla iş şöbəsinin siyasi partiya rəhbərləri ilə görüşünü misal gətirmək olar. Bunlar çox vacib addımlar idi və prezidentin də dediyi kimi, ölkədə yeni siyasi münasibətlərin formalaşmasına və siyasi islahatların həyata keçirilməsinə ehtiyac var. Amma təəssüf ki, hakimiyyət tərəfindən atılan addımları düzgün qiymətləndirməyən qüvvələr də var və bu çox məyusedicidir. Azərbaycanın sağlam müxalifətinin uzun illər ərzində dialoqla bağlı çağırışları nədən ibarət idi? Hər hansı bir ilkin şərt irəli sürülmədən bir masa ətrafında müzakirələr aparmaq və danışıqlar yolu ilə bu vəya digər problemin həllinə konkret töhfələr vemək. Bu gün hakimiyyət konkret olaraq heç bir ilkin şərt irəli sürmədən bu addımı atdı və heç bir ayrıseçkilik qoymadan bütün partiya rəhbərləri ilə görüşdü. Bildiyim qədərilə Prezidentin dialoq üçün səlahiyyət verdiyi Ədalət Vəliyev də heç bir görüşdə heç kimə vaxt məhdudiyyəti qoymayıb və kiməsə deməyib ki, filan mövzuya toxunma. Amma yenə qeyd edirəm,təssüf ki, bu görüşlərdən imtina edən partiyalar da oldu. Bu gün 5-ci kolon adlandırdığımız qüvvələr, konkret olaraq "Milli Şura" rəhbərliyi müxtəlif  bəhanələrlə bu görüşlərdən yayındılar. İndi isə onlar və bu qüvvələrin xaricdəki havadarları və dəstəkçiləri hökuməti koronovirusla effektiv mübarizə aparmamaqda ittiham edirlər. Deyən lazımdır əgər səmimi olaraq bu ölkəyə, millətə, dövlətə xidmət göstərmək istəyirsənsə o zaman cəmiyyətdə qorxu hissi yaratmaq əvəzinə get görüş, təkliflərini ver. Əsas məsələ odur ki, xalq hər şeyi görür və tam əminəm ki, pandemiya aradan qalxdıqdan sonra aparılacaq siyasi islahatlar yeni siyasi münasibətlərin formalaşmasına gətirib çıxaracaqdır.