Nilgün Məmmədova: “Femida Könüllüləri” Təşkilatı ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına töhfə verəcək - MÜSAHİBƏ

Nilgün Məmmədova: “Femida Könüllüləri” Təşkilatı ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına töhfə verəcək - MÜSAHİBƏ

“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova Təşkilatın fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibə verib.

- Nilgün xanım, öncə bilmək istərdik ki, “Femida Könüllüləri” Təşkilatının yaranması hansı zərurətdən irəli gəldi?

- Mən 2023-cü ilin iyulundan etibarən Azərbaycan Respublikasının Ali Məhkəməsində könüllülük fəaliyyətinə başlamışam və bundan əvvəl də bu sahədə təcrübələrim olub. Eyni zamanda, digər əməkdaşlarımız - Rəfael Məhərrəmli və Xatın Osmanlı da Ali Məhkəmədə könüllülü fəaliyyət göstəriblər. Fəaliyyətə başladıqdan bir müddət sonra biz mövcud ehtiyacları dəyərləndirdik və bu barədə bir sıra addımlar atmağı qərara aldıq. Düşündük ki, ölkəmizdə hüquq tələbələri üçün mövcud olan könüllülük fəaliyyəti daha sistemli və mərkəzləşdirilmiş formada olmalıdır. Heç kimə sirr deyil ki, müasir dövrdə əmək bazarında rəqabət hər gün aqressivləşməyə doğru gedir. Bu rəqabət mühitində uğur qazanmağın başlıca yolu müasir və ənənəvi alətlərdən düzgün istifadə etməyi öyrənməkdir. Bizim kimi hüquqşünaslıq ixtisasında təhsil alan gənc həmvətənlərimizin həmin mövzuda yetişmələri və bunu vətəndaşlara könüllü şəkildə dəstək göstərərək etmələri onların həm əmək bazarına inteqrasiyası prosesinə, həm də vətəndaşlara məhkəmə xidmətlərinin göstərilməsinə müsbət təsir edəcək.

- Təşkilatın qarşıya qoyduğu hədəflər hansılardır?

- “Femida Könüllüləri” Təşkilatının yaradılmasında məqsəd gənc peşəkar hüquqşünasların yetişdirilməsinə dəstək olmaq, məhkəmələrdə ictimai nəzarətin gücləndirilməsi, məhkəmə-hüquq sistemində gənclərin iştirakçılığının artırılması, məhkəmə xidmətlərində vətəndaş məmnuniyyətinin təmin edilməsi, məhkəmə-hüquq sistemindəki islahatların təbliğ və tətbiqinə dəstək vermək, habelə dövlətimizin təhsil və gənclər siyasətinə töhfə verməkdir. Bundan başqa, gənclər üçün hüquq sahəsində olan könüllülük fəaliyyətinin daha əlçatan edilməsi və əmək bazarı üçün peşəkar hüquqşünasların yetişdirilməsi də təşkilatın əsas məqsədlərindən biridir.

- Nilgün xanım, qeyd etdiyiniz məsələlərlə bağlı biz gələcəkdə hansı yeniliklərin şahidi olacağıq?

- Bildiyimiz kimi, hazırda müxtəlif məhkəmə instansiyalarında gənclərin könüllü olaraq iş prosesinə cəlbi həyata keçirilir. Lakin bu proses ayrı-ayrılıqda məhkəmələr tərəfindən təşkil edilir, bu isə öz növbəsində fəaliyyətin əlçatanlığına mənfi təsir göstərir. Təşkilatımız tərəfindən nəzərdə tutulan ən vacib proseslərdən biri məhz gənc hüquqşünasların mərhələli şəkildə müxtəlif məhkəmə instansiyalarında vətəndaşlara məhkəmə xidmətlərinin göstərilməsinə kömək etməkdir. Bu xüsusda onların vahid platforma tərəfindən reyestrinin aparılması və aidiyyəti instansiyalara yönəldilərək fəaliyyətə cəlb edilməsidir. Eyni zamanda, həmin könüllülərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə hüquq sahəsində yüksək nüfuza sahib şəxslərlə görüş və seminarların təşkil edilməsini planlaşdırırq. Bütün sadaladıqlarımdan əlavə olaraq, müxtəlif məhkəmə simulyasiyalarının təşkili və beynəlxalq mübadilə proqramlarında iştirak və təmsilçilik görüləcək işlər sırasındadır.

- “Femida Könüllüləri” Təşkilatının fəaliyyəti ölkəmizdə məhkəmə-hüquq sahəsinin inkişafına necə təsir edəcək?

- Birmənalı olaraq layihə Azərbaycanda məhkəmə-hüquq sisteminin inkişafına mühüm töhfə verəcək. Çünki bu sahədə artıq geniş təcrübə qazanan könüllülərimiz gələcəkdə bu təcrübələrini peşə fəaliyyətində tətbiq edəcəklər. Nəticədə ölkəmizdə məhkəmə-hüquq sahəsində peşəkar kadr balansının formalaşmasına şərait yaranacaq. Eyni zamanda, gələcəkdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi maarifləndirmə işinin daha da surətləndirilməsi istiqamətində də mühüm irəliləyişin şahidi olacağıq.