"Paşinyanın sərsəm bəyanatı Ermənistanın işğalçı niyyətini bir daha ortaya qoyur" - Politoloq

"Paşinyanın sərsəm bəyanatı Ermənistanın işğalçı niyyətini bir daha ortaya qoyur" - Politoloq

"Paşinyan ötən gün erməni xalqına müraciət edərək, danışıqların mənasız olduğunu dedi və insanları müharibəyə səslədi. Onun bu çağırışı Ermənistanın işğalçılıq mövqeyinin dəyişməz olduğunu, sülh danışıqlarına getmədiyini əyani formada nümayiş etdirir". 

Axeber.az-ın məlumatına görə, bunu sabiq millət vəkili, politoloq Yusif Bağırzadə Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. 

O qeyd edib ki, hakimiyyətə ilk gəldiyi gündən qeyri-ciddi çıxışları və obrazı ilə siyasət meydanında biabır olan Paşinyandan bundan artığını gözləmək də olmaz. "Paşinyanın sərsəm bəyanatı Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Sergey Lavrovla görüşündən sonra və ABŞ-da keçiriləcək danışıqlar ərəfəsində baş verdi. Bu da onu göstərir ki, Ermənistan rəhbərliyi yalnız işğalçılıq yolu tutub. Paşinyan əvvəl deyir ki, münqişənin hərbi həlli yoxdur, indi deyir diplomatik həlli yoxdur. Belə görünür ki, Paşinyan başını itirib və Azərbaycan Ordusu qarşısında düşdüyü ağır durumdan çıxmaq üçün anlaşılmaz fikirlər səsləndirir". 

Politoloq bildirib ki, Paşinyan dünənə qədər kömək üçün Rusiyaya yalvarırdı, indi isə NATO-dan imdad diləyir: "Sentyabrın 27-də erməni təxribatından sonra Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı dövründə Ermənistan baş naziri dəfələrlə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə, o cümlədən Rusiya Prezidenti ilə bir neçə dəfə əlaqə saxlayıb və onlardan yardım istəyib. Bu gün Paşinyan tərəfindən NATO-ya kömək üçün göndərilən Ermənistan prezidenti Armen Sarkisyan orada görüşlər keçirir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənib. Sarkisyan, həmçinin müharibədən sonra Ermənistanın xarici siyasətinin NATO və Avropa İttifaqına yaxınlaşmağa yönələcəyini açıq bəyan edib. Bu, Sorosun bəslədiyi Ermənistan hakimiyyətinin Rusiyaya növbəti xəyanətidir. Hakimiyyətə gəldiyi ilk gündən qərbyönümlü siyasəti ilə diqqət çəkən Paşinyan növbəti dəfə sözü ilə əməlinin bir olmadığını göstərdi". 

Y.Bağırzadə Paşinyanın Azərbaycan Ordusunun gücü qarşısında ağıllanacağına və qan tökülməsini dayandırmaq üçün işğalçı qoşunlarını torpaqlarımızdan çıxaracağına ümid etdiyini vurğulayıb: "Əgər bunu o, etməsə, onda bunu Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz həyata keçirəcək. Məhz bundan sonra regionda davamlı sülh təmin olunacaq”.