Politoloq: "Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək cəhdləri rədd olunmalıdır"

Politoloq: "Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək cəhdləri rədd olunmalıdır"

"Ermənistan Azərbaycana qarşı bu və ya digər iddia ilə çıxış etməzdən öncə Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci il Çıqarovların işi üzrə qərarının icrasını təmin etməlidir". 

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Avropa İnsan Hüquqları Məhkəməsinin  “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Ermənistan bu cür iddialarla beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının işğalından və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır: "Avropa İnsan Haqları Məhkəməsi əfv fərmanının ləğvini və ya işin yenidən açılmasını tələb etməsə də, Azərbaycanı Avropa İnsan Hüquqları Konvensiyasının bir qism maddələrini pozmaqda ittiham edib. Qərarla diqqətlə tanış olduqda hər hansı bir əsaslandırılma aparılmadığını və verilən qərarın nə qədər yanlış olduğunu görmək mümkündür". 

Y. Bağırzadə qeyd edib ki, çıxarılan qərarda əfvlə bağlı məsələyə daha çox diqqət çəkilir: "Avropa İnsan Haqları Məhkəməsi bilməli və qəbul etməlidir ki, Azərbaycan Prezidentinin əfvə dair konstitusiya ilə təsbit edilmiş müstəsna hüquqları var. Bu hüquqlar həm də beynəlxalq qanunlara söykənir. Odur ki, dövlət başçısının istənilən şəxsi əfv etmək hüququ var və bu hansısa beynəlxalq məhkəmə tərəfindən mübahisələndirilə bilməz". 

Politoloq bildirib ki, digər məsələ məhkəmənin baş vermiş hadisəni etnik nifrət cinayəti olaraq qəbul etməsi ilə bağlıdır: "Məhkəmə işi daha yaxşı araşdırmalı və başa düşməlidir ki, burada etnik nifrət cinayətindən çox, zabit ləyaqətindən söhbət gedir. Ramil Səfərovda zabit olub. Bütün hərbi konvensiyalara uyğun olaraq, zabit şərəfinin, zabit ləyaqətinin təhqir olunmasına qarşı öz etirazını bildirib. Zabitin mənsub olduğu ölkənin dövlət bayrağı təhqir olunub və buna da istər-istəməz reaksiya verilib. Məhkəmə ittiham olunan şəxsin Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, Ermənistanın Azərbaycana qarşı təcüvüz siyasətinin qurbanı olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və acılarını yaşadığını nəzərə almalı idi. Bütün bunları nəzərə almadan hər hansı bir hüquqi tələbə sığmayan, dövlət başçısının əfv hüququnu sətiraltı da olsa mübahisələndirən bir məhkəmə qərarı heç bir halda ədalətli hesab oluna bilməz və Azərbaycan hökuməti bu haqsız qərardan şikayət vermək hüququndan istifadə etməli, Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək cəhdləri rədd olunmalıdır". 

Xatırladaq ki, mayın 26-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı iş üzrə qərarı elan edib.

Qeyd edilən şikayət Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun 2004-cü ildə Budapeştdə bir erməni zabitinin öldürülməsi və digər erməni zabitini öldürməyə cəhd etməsi ilə əlaqədar həmin zabitlərin qohumları tərəfindən Avropa Məhkəməsinə verilib.

Avropa Məhkəməsinin qərarında İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) prosessual aspektinin, habelə 14-cü maddəsinin (ayrı-seçkiliyin yolverilməzliyi) pozulması müəyyən edilib.