Politoloq: "Rusiyaya yeni və sərfəli bazarlar tapmaq asan olmayacaq"

Politoloq: "Rusiyaya yeni və sərfəli bazarlar tapmaq asan olmayacaq"

“Neft idxalına sansiyalar tətbiq olunacağı halda Rusiyaya yeni və sərfəli bazarlar tapmaq asan olmayacaq”.

Bu sözləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Qərbin Rusiya neftindən imtinası perspektivləri haqqında sualımızı cavablandırarkən deyib.

“Məlumdur ki, Rusiyanın əsas gəlirləri məhz təbii sərvətlərlə bağlıdır. Kifayət qədər təbii sərvətlərə malik olan Rusiyanın ixrac payında isə neft və qaz ən önəmli yerlərdən birini tutur. Başqa sözlə desək, neft və qaz satışından əldə olunan gəlir dövlət büdcəsindən mühüm paya sahibdir. Rusiya dövlət büdcəsinin təxminən 45 faizi neft və qazın satışından əldə olunan gəlirlərdən formalaşır. Keçən il xam neft və digər neft məhsulları Moskvaya 178 milyard dollar pul qazandırıb. Odur ki, sanksiyaların təsiri ilə Rusiyanı cilovlamağa və ən nəhayətdə çökdürməyə çalışan Qərbin məhz enerji resurslarını hədəf alacağı gözlənilən idi. Rusiya qazından tədricən imtina qərarı verən Avropa İttifaqı dövlətlərinin indi də neft idxalına sanksiyalara hazırlaşdığı artıq məlumdur. Avropa Birliyi artıq Rusiyaya qarşı tətbiq olunacaq növbəti sanksiya zərfində neft alışına embarqo qoyulmasını müzakirə edir. Avropa Komissiyasının sədri Ursula fon der Layen Avropa Birliyinin qanunvericilərinə müraciəti zamanı deyib ki, Rusiyaya qarşı tətbiq olunacaq sanksiyaların növbəti zərfində bu ölkədən neft alınmasının dayandırılması da nəzərdə tutulub. Düzdür, bununla bağlı Avropa Birliyi ölkələri arasında hələ tam yekdil fikir formalaşmayıb, belə ki, Aİ üzvlərindən Macarıstan, Serbiya və Çexiya hələ də belə bir qərarın qəbuluna dirəniş göstərirlər. Lakin çox böyük ehtimalla onların da razılığı alınacaq. Odur ki, belə bir qadağanın tətbiqinin yalnız zaman məsələsi olduğunu deyə bilərik", - deyə politoloq qeyd edib.

O bildirib ki, eyni şəkildə G7 ölkələri də Rusiya neftindən imtina edilməsi ilə bağlı aktiv şəkildə müzakirə edirlər və artıq müəyyən razılaşmalar da əldə olunub: "Belə ki, G7-nin 3 gün əvvəl baş tutan zirvə toplantısının gündəliyində yalnız bir əsas məsələ vardı: Rusiya enerjisindən asılılığı mərhələli şəkildə aradan qaldırmaq, xüsusilə də bu ölkədən neftinin idxalını dayandırmaq və ya qadağan etmək. G7 ölkələri bu barədə üzərlərinə öhdəlik götürsələr də, atacaqları addımın konkret təqvimini hələ ki, açıqlamayıblar. İstər G7, istərsə də Avropa İttifaqı dövlətlərinin Rusiya qazı ilə müqayisədə neftdən daha tez imtina etməyə hazırlaşmasının isə bir neçə səbəbi var. Birincisi, Avropa İttifaqı ölkələri üçün neftdən imtinanın daha rahat olmasından qaynaqlanır. Belə ki, dünyada neft hasilatı ilə məşğul olan ölkələrin sayı qaz satan ölkələrin sayından daha çoxdur və bu alternativlərin çoxluğu mənasına gəlir. Yəni başqa sözlə desək, Qərbin başqa qaynaqlardan neft tədarük edə bilməsi imkanları qazla müqayisədə daha çoxdur. İkincisi səbəb isə neft ixracının Rusiya iqtisadiyyatı üçün daha böyük əhəmiyyət daşımasından qaynaqlanır. Amerikanın Enerji İnformasiya İdarəetmə Administrasiyasının 2021-ci ilin oktyabr ayına olan məlumatları göstərir ki, Rusiya neft hasilatının 49 faizini Avropanın İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrinə satır. Həmin ölkələrinin başında isə G7-də təmsil olunan dövlətlər gəlir.  Deməli, G7 ölkələri istəsələr, rahatlıqla Rusiyanı böyük bir qazancdan məhrum edə bilərlər. Neft və neft məhsullarının Rusiyanın büdcə gəlirlərində payının 30%-ə çatdığını nəzərə alsaq, G7 ölkələrinin bu istiqamətdə atacağı addımların Rusiya iqtisadiyyatına nə qədər ciddi zərbə vura biləcəkləri ortaya çıxar".

Y.Bağırzadənin sözlərinə görə, qaz ixracında vəziyyət bir qədər fərqlidir: "Rusiyanın qaz satışında Avropa ölkələri hər nə qədər mühüm yer tutsa da, deməliyəm ki, qaz ixracı Rusiyanın büdcə gəlirlərində o qədər də əhəmiyyətli yer tutmur. Son məlumatlara görə, Rusiyada hasil olunan qazın böyük əksəriyyəti daxili istehlaka yönəldilir, hasilatın cəmi 30%-ə qədəri isə ixrac olunur. Qaz ixracından Rusiyanın əldə etdiyi qazanc büdcə gəlirlərinin təqribən 6-7 faizini təşkil edir. Qısa desək, Rusiya üçün neft ixracı qazdan daha vacibdir. Qərb ölkələri də məhz bu səbəbdən neft ixracını hədəfə alırlar.

Putin özü də gec-tez belə bir sanksiyanın tətbiq olunacağını bilir və hələ 14 apreldə Nazirlər Kabinetində keçirilən iqtisadi müşavirə zamanı bunu faktiki olaraq etiraf da etmişdi. O çıxışında neft ixracının diversifikasiya olunmasının vacib olduğunu bildirdi ki, bu da alternativ bazarların axtarılması deməkdir. Doğrudan da Avropa Birliyi üzvlərinin belə bir qərar qəbul edəcəkləri halda Kreml itirilmiş gəlirlərin yerini doldurmaq üçün alternativ bazarlar axtarmaq məcburiyyətində qalacaq və burada da təbii olaraq Asiyaya üz tutacaq. Lakin Rusiyadan neft almağa hazır olan ölkələrin Moskvanın çətin maliyyə və geosiyasi vəziyyətindən istifadə edərək, özləri üçün daha sərfəli sövdələşməyə getməyə çalışcaqları da gün kimi aydındır. Məsələn hazırda Rusiya neftinə ən çox maraq göstərən ölkə Hindistandır. Hindistanın martdan iyunadək Rusiyadan alacağı neftin həcmi keçən il bu ölkədən aldığı neftin ümumi həcmindən daha çox olacaq, amma indiki halda Hindistan da qiymətdə böyük endirimə gedilməsini tələb edir. Onlar nefti dünya bazarındakı qiymətlə yox, 36 faiz endirimlə almaq istəyir. Rusiyanın müttəfiq hesab etdiyi digər ölkə Çindir. Amma nəzərə alaq ki, Çin yalnız öz məqsədlərini güdən oyunçudur və bu baxımdan da öz maraqlarını qurban vermək hesabına Rusiyanı düşdüyü bataqlıqdan xilas edəcəyi inandırıcı görünmür. Pekin Rusiyadan ixrac etdiyi neftin həcmini faktiki olaraq 14 faiz azaldıb. Çin dövlət neft emalı zavodları ABŞ banklarının sanksiyalarının hədəfinə tuş gəlməmək üçün Rusiya ilə yeni neft müqavilələri bağlamaqdan qaçırlar. Deyilənlərə Avropa tankerlərinin Rusiya neftini daşımaqdan imtina etməsini və Rusiyanın Aİ-yə daxil olmayan ölkələrdən tanker axtarmaq məcburiyyətində qalacağını və eləcə də sanksiya səbəbi ilə tanker və sığorta şirkətlərinin də öz xidmət xərclərini yüksəltməsini əlavə etsək görərik ki, Rusiya üçün neft tədarükünü Avropadan Asiyaya yönəltmək heç də asan olmayacaq”.