"Lukaşenkonun sayəsində Ermənistanın KTMT-ni münaqişəyə cəlb etmək planı alınmadı" - Politoloq

"Lukaşenkonun sayəsində Ermənistanın KTMT-ni münaqişəyə cəlb etmək planı alınmadı" - Politoloq

“Bildiyiniz kimi, Belarusda növbəti prezident seçkiləri keçirildi. Belarus dövləti də prezident idarə-üsulu olan demokratik dövlətdir.  Artıq neçənci dəfədir ki, Aleksandr Lukaşenko seçkilərlə qalib gəlir. Cənab Lukaşenko kənar təzyiqlərə baxmayaraq, səs çoxluğu ilə seçkilərdə öz postuna sahib çıxdı".

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.

O vurğulayıb ki, Belarus Azərbaycanın yaxın dostudur və Lukaşenkonun qələbəsinə Azərbaycan dövləti də çox sevindi:

“Azərbaycan Prezidenti İlham Əliyev cənab Lukaşenkonu seçkilərdə qalib gəlməsi münasibətilə təbrik etdi. Biz də Azərbaycan siyasətçiləri olaraq bu təbrikə qoşuluruq və cənab Lukaşenkonu səs çoxluğu ilə əldə etdiyi növbəti qələbə münasibətilə səmimi qəlbdən təbrik edirik. Belarus Azərbaycanın yaxın dostudur, Lukaşenkonun cənab Prezident İlham Əliyevlə çox gözəl münasibətləri var. Azərbaycanla Belarusu bir-birinə bir çox istiqamətlər, eləcə də iqtisadi-siyasi, hərbi münasibətlər bağlayır. Azərbaycan biznesmenleri Belarusda, Belarus şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Dəfələrlə Prezident İlham Əliyev tərəfindən Belarusa maddi yardımlar olub. Belarusun ağır vəziyyətində  Azərbaycan ona dayaq olub, öz dostluq, qardaşlıq münasibətini ortaya qoyub. Bildiyiniz kimi hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi vəzifəsini Belarusun nümayəndəsi icra edir. Ermənistan sonuncu hərbi təxribatından dərhal sonra, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək Rusiya başda olmaqla oradakı üzv respublikaları Azərbaycanın üzərinə qaldırmaq istədi. Ermənistan Azərbaycana qarşı növbəti təcavüzkar siyasətini ortaya qoyaraq, Azərbaycana şər-böhtan ataraq, KTMT-də olan dövlətləri bu münaqişəyə cəlb etmək planına baş vurdu. Lakin cənab Lukaşenkonun sayəsində Ermənistanın KTMT-ni münaqişəyə cəlb etmək planı alınmadı".

Politoloq qeyd edib ki, Lukaşenko isə bu ərizəyə əhəmiyyət vermədi, hətta bu məsələ ilə bağlı-ərizənin qəbul edilməsi mərhələsini, iclasın çağırılmasını ləngitdi: "Bu bir daha, bizim ağır vəziyyətimizdə Belarus xalqının, cənab Lukaşenkonun bizə olan yaxşı münasibətini ortaya qoydu. Təşkilatdakı ölkələrdən yalnız Ermənistan Azərbaycanın düşmənidir. Qalan digər ölkələr Azərbaycanla uğurlu siyasi və iqtisadi əməkdaşlıq edir. Rusiyanın özü də bugün Belarusla münasibətləri gərgindir. Belarus dövlətinin, KTMT-dən kənar Azərbaycanın mövqeyinə yaxın bir mövqe sərgiləməsi də bu gərginliyin səbəblərindən biridir. Belarusda seçki öncəsi və sonrası iğtişaşlar gözlənilirdi. Lakin bu iğtişaşlar baş tutmadı və qarşısı alındı. Hakimiyyətdə yenə də Azərbaycanda dostu Lukasenko qaldı. Bizə lazımdır ki, Azərbaycan bir çox dövlətlərlə gözəl münasibətlərdə olsun, eləcə də Belarusla. Ona görə, bir daha cənab Lukaşenkonu bu qələbəsi münasibətilə təbrik edirik".