"Özbəkistanla imzalanmış sənədlər strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir"

"Özbəkistanla imzalanmış sənədlər strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir"

“Azərbaycanla Özbəkistanın strateji müttəfiqliyi regionda əməkdaşlığa, təhlükəsizliyə və inkişafa təkan verəcək”. 

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı danışarkən deyib.

O bildirib ki, Cənab Prezidentin Özbəkistana səfəri ötən illər ərzində qardaş dövlətin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etməsinə verilən dəyərdir: “Düzdür, Mərkəzi Asiya ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daima müdafiə edib. Amma Özbəkistan bu baxımdan digər dövlətlərdən fərqlənir. Belə ki, rəsmi Daşkənd SSRİ dağılandan 5 il sonra Ermənistanı dövlət olaraq tanısa da, indiyədək İrəvanda rəsmi səfirliyi fəaliyyət göstərmir. Bu, rəsmi Daşkəndin İrəvana qarşı mövqeyinin göstəricisidir. Odur ki, Azərbaycanla Özbəkistan bir çox məsələlərdə ortaq olduqları kimi, Ermənistana və erməni şovinizminə münasibətdə də ortaq yanaşmaya malikdirlər. Səfər zamanı Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü və haqq işinə verdiyi dəstəyə görə Özbəkistan rəhbərliyinə təşəkkür etməsi, bu dəstəyin çox qiymətli olduğunu və ölkələrimiz arasında münasibətlərin tarixində unudulmaz hadisələr olaraq qalacağını bildirməsi, eləcə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, ölkəsinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyində möhkəm dayandığını, bunu qətiyyətlə və sərt şəkildə dəstəklədiyini deməsi özü də Özbəkistan və Azərbaycan arasında münasibətlərin nümunəvi şəkildə qurulduğunun bariz göstəricisidir".

O bildirib ki, Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması da həm Azərbaycana, həm də xalqımızın böyük oğlu Heydər Əliyevə verilmiş dəyər, eləcə də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.  

Politoloq qeyd edib ki, səfər zamanı imzalanmış sənədlər ölkələr arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir.

"Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanması bunu bir daha təsdiqləyir. Bəyannamə özündə bütün məqamları ehtiva edir. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub.  İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün əlavə addımların atılması nəzərdə tutulub.

Cənubi Qafqazda yaranan yeni şərait və Azəbaycanın dünyann karbohidrogen daşıyıcılarına tələbatın ödənilməsində tutduğu mövqe, Rusiya-Ukrayna müharibəsi və başqa amillər iki ölkənin qarşılıqlı münasibətləri və əlaqələrinin də yeni mərhələdə inkişafını aktuallaşdırır. Bu baxımdan, Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında bəyannamə qlobal xarakter daşıyır. İki ölkə arasında imzalanan müqavilələr əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi, habelə ölkələr və xalqlar arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq". 

Y.Bağırzadənin sözlərinə görə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” də müasir dünyada və regionda baş verən hadisələr baxımından çox vacibdir.

"Bu, tərəflərə hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əlavə addımlar atmağa imkan verəcək. Kənar təhdidlərin olduğu bir dövrdə bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan prezidentləri də bu səfəri tarixi səfər kimi xarakterizə etdilər. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatə dairəsi həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir. Tamamilə əminəm ki, səfər Azərbaycanın Mərkəzi Asiyada nüfuzunun artmasına, habelə etibarlı tərəfkeş olduğunu bir daha təsdiqləməyə əlavə imkanlar qazandıracaq. Zəngin mədəni, tarixi və dövlətçilik ənənəsi olan Özbəkistanla Azərbaycanın strateji müttəfiqliyi regionda da əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına və inkişafa təkan verəcək".